Asif Usubəliyev: Mədəniyyət sahəsi üzrə metodiki vəsaitlərin hazırlanmasına görə Azərbaycan MDB məkanında birincidir -
Asif Usubəliyev: Mədəniyyət sahəsi üzrə metodiki vəsaitlərin hazırlanmasına görə Azərbaycan MDB məkanında birincidir

Bütün zamanlarda mədəniyyət dəyərlər sistemini araşdıran, mühafizə edən ən aktual sahə hesab olunub. Mədəniyyətin mahiyyəti, dövlətlərarası münasibətlərdə rolu, bütövlükdə funksiyasının dərindən öyrənilməsi hər zaman elmi yanaşma tələb edib. Ölkəmizdə bu sahənin inkişafında, mədəni irsimizin qorunması və dünyada təbliğ olunması istiqamətində az işlər görülməyib. Bu sahədə güclü qanunverici bazanın olması, struktur islahatlarının aparılması və digər bu kimi addımlar Azərbaycanın beynəlxalq miqyasda da reytinqini artırıb. Əlbəttə ki, Mədəniyyət Nazirliyi və onun tabeliyində olan qurumların fəaliyyəti diqqətdənkənar deyil. Nazirlik üzərinə düşən öhdəlikləri tabeliyində olan qurumlarla birgə sistemli şəkildə uğurla icra edir.
AZƏRTAC bu dəfə oxucuları nazirliyin strukturlarından sayılan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin fəaliyyəti ilə yaxından tanış etmək üçün qurumun rəhbəri Asif Usubəliyevlə müsahibəni təqdim edir.
Asif müəllim, gəlin əvvəlcə oxucularımızı rəhbəri olduğunuz Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin fəaliyyəti ilə qısaca tanış edək.
- Biz Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəz olaraq fəaliyyət göstəririk. Mərkəz öz vəzifə və hüquqlarını həyata keçirərkən elm, tədris müəssisləri, profilinə uyğun yaradıcılıq ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə əməkdaşlıq edir. İşimizi Mədəniyyət Nazirliyi ilə razılaşdırılmış illik İş planları əsasında təşkil edirik. Mərkəzimiz Mədəniyyət Nazirliyinin tərkibində bu gün üçün yeganə elmi tədqiqat mərkəzidir. Biz elmi mərkəz olmaqla yanaşı, həm də kreativ xarakterli ixtisasartırma mərkəzi kimi regionlarda fəaliyyət göstəririk.
Niyə görə kreativ sözünü xüsusi vurğulayıram, çünki bizim qarşımızda duran strateji hədəf məhz kreativ peşə səriştələrinin əməkdaşlarımız tərəfindən mədəni sahədəki insanlara aşılanmasıdır. Bizim üçün hansı işi necə görmək önəmli məsələdir. Ancaq kreativ düşünmə ondan da önəmlidir. Bir nəfər kreativ düşüncəli əməkdaş ümumiyyətlə regionun mədəni həyatını dəyişdirə bilər. Peşəkar olmaq önəmlidir, ancaq müasir və kreativ düşünmək inkişafa daha sürətli təsir göstərə bilər. Odur ki, bizim təşkil etdiyimiz ixtisasartırma kurslarında kreativ peşə səriştələrinin formalaşdırılması əsas məqsədlərdəndir. Yuvarlayaraq fəaliyyətimiz növbəti əsas istiqamətləri əhatə edir: təlimlər, ustad-siniflər, rayonların mədəni həyatının zənginləşdirilməsi, mədəniyyət müəssisələrinin sosial imicinin artırılması, bu sahədə çalışan əməkdaşların hazırlıq dərəcəsinin yaxşıladırılması, göstərilən mədəni xidmətlərin təkmilləşdirilməsi, yaradıcı mühitin dəstəklənməsi, müəssisələr arasında faydalı koordinasiya işlərinin aparılması, gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə müxtəlif layihələrin reallaşdırılması və s.
- Mərkəzin üzərinə düşən öhdəliklərdən biri də müxtəlif təyinatlı metodiki vəsaitlərin hazırlanması və regionlarda təqdimatlarının keçirilməsidir. Hazırda bu istiqamətdə vəziyyət nə yerdədir?
- Əvvəlcə onu qeyd edim ki, bu gün mədəniyyətimizin bütün sahələri Prezident İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatələnib. Təbii ki, biz də o diqqət və qayğıdan bəhrələnirik. Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında metodiki vəsaitlərin hazırlanmasına görə ölkəmiz birinci yerdədir. Metodiki vəsaitlərin hazırlanması çox önəmli bir əhəmiyyət kəsb edən məsələdir. Bu vəsaitlər mədəniyyət işçilərinə gündəlik funksiyalarını necə yerinə yetirmələri üçün köməklik göstərir. Bizim metodiki vəsaitlərimiz hər bir mədəniyyət işçisinin masaüstü kitabçasıdır. Biz indiyədək 80-dən artıq metodiki vəsait hazırlamışıq. Bu vəsaitlər müxtəlif mövzudadır. Daha çox regionlarda mədəniyyət evlərinin tərkibində olan mədəni dərnəklər bizim diqqətimizdədir. Hədəfimiz gənclərin asudə vaxtlarının səmərəli və mənalı keçirmək, onları maarifləndirmək üçün dərnəklərin fəaliyyətinə köməklik göstərməkdir.
- Metodiki vəsaitlərin hazırlanması necə həyata keçirilir, yəni bu vəsaitlər hansı sifariş və ya tələbat meyarları əsasında hazırlanır?
- Bu məsələdə iki üsuldan istifadə edilir. Əvvəlcə, biz regionlarda yerləşən mədəniyyət idarələrinin rəhbərlərinə məktub yazırıq ki, nə kimi mövzu və ixtisaslara tələbat var. Biz onlardan cavab aldıqdan sonra təhlil aparıb, ortaq məxrəcə gələrək sonra müvafiq addımlar artırıq. Digər üsul budur ki, bizə ünvanlanan müraciətlər əsasında işimizi görürük. Bizə regionlardan olan müraciətlərin sayı heç də az deyil. Bu müraciətlər fəaliyyətimizə bir mayakdır. Misal üçün, sonuncu müraciətlərdən biri Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən olunub. Müraciət edildi ki, Gədəbəydə aşıq sənəti ilə bağlı elmi-metodiki vəsaitə ehtiyac var. Biz də həmin müraciətə baxıb nazirliklə məsləhətləşmələr apardıq. Vəsaitlər hazırlanıb paylanıldı. Sevindirici haldır ki, bizə Mədəniyyət İdarələri ilə yanaşı fərqli mütəxəssislər fərd olaraq da müraciət edirlər.
- Mədəniyyət müəssisələrinə göndərilən metodiki vəsaitlərin maarifləndirmə işində əhəmiyyətini necə xarakterizə edirsiniz?
- Metodiki vəsait bu gün bizim mədəniyyət işçiləri üçün ixtisası və təhsili əvəz edir. Bizim mədəniyyət müəssisələrində müəyyən qədər orta təhsilli əməkdaşlar var. Müxtəlif obyektiv, subyektiv səbəblərdən ali təhsil ala bilməyiblər. Bu cür demək mümkündürsə, bizim metodiki vəsaitlərimiz həmin təhsili əvəz edir. Ali təhsil ixtisas və peşəkarlıq bəxş edirsə, bizim metodiki vəsaitlərimiz də əməkdaşların üzərinə qoyulan vəzifələrin daha yaxşı icra etmələrinə dəstək olur. Bu mənada, metodiki vəsaitlər əvəzedilməzdir.
- Hazırlanan metodiki vəsaitlər hansı istiqamətləri əhatə edir?
- Əsas istiqamətlər muzey işi, mədəniyyət evlərinin fəaliyyəti, mədəniyyət müəssislərinin təbliği, dərnəklərlə iş – bunlar bizim fəaliyyətimizdə ən aparıcı mövzulardır. Çünki bu mövzularla bağlı bir çox yerlərdə tədbirlər olur. Ancaq təbliğat və təşviqat məsələlərində bizdə müəyyən bir çətinliklər var. Biz müəyyən çətinlikləri aradan qaldırmaq üçün çalışırıq. Bu gün biz elə nəticələrə nail olmuşuq ki, mədəniyyət evlərinin nəzdində fəaliyyət göstərən dərnəklər, artıq musiqi məktəbləri ilə rəqabət aparır. Bu, çox sevindiricidir. Musiqi məktəbləri peşəkar musiqi təhsili bəxş edirsə, dərnəklər həvəskar musiqi təhsili ovqatı yaradır. Mən mövzumuzu inkişaf etdirib bir məsələni qabartmaq istəyirdim. Biz gənc mədəniyyət işçiləri ilə bağlı kifayət qədər uğurlara nail olmuşuq. Mədəniyyət müəssisələrimizin yerlərdə gənclər arasında populyarlığının artırılmasına nail olmuşuq. Keçmişdə mədəniyyət müəssisələrimiz gənclər üçün maraqsız idi. Artıq regionlarda gənclər vaxtlarını səmərəli keçirmək üçün mədəniyyət müəssisələrinə və oradakı dərnəklərə müraciət edirlər.
-Asif müəllim, gənclərlə bağlı fəaliyyətiniz təqdirəlayiqdir. Təqaüddə olan yaşlı nəslin nümayəndələri ilə bağlı hər hansı bir layihələriniz varmı? Məncə, onların da qayğıya ehtiyacı var.
-Əlbəttə, biz gənclərlə işləyiriksə, təqaüddə olan insanları da unutmamalıyıq. Biz başa düşürük ki, müəyyən yaşa çatmış yaşlı insanlar daha həssas olurlar. Onlara qarşı diqqət və qayğı daha çox tələb olunur. Düşünürük ki, bizim mədəniyyət müəssisələri və orda yerləşən dərnəklər həmin qayğının alternativi ola bilər. Bu səbəbdən bəhs etdiyimiz mövzu diqqətdə saxlanılıb, yaxın gələcəkdə bu istiqamətdə işlərin görüləcəyinə şübhə etmirəm.
- Mərkəz beynəlxalq elmi-praktik seminarlarda da fəal iştirak edir. Beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün hansı addımlar atılıb və hazırda hansı təşkilatlarla əməkdaşlıq edirsiniz?
- Sistemimizdə çalışan mədəniyyət işçilərinin peşəkarlığının artırılması niyyəti ilə, əlbəttə, qabaqcıl beynəlxalq təcrübədən istifadə olunması çox önəmlidir. Uğurlu bir təcrübəni mənimsəyib ölkəmizdə tətbiq etmək bizim məqsədlərimiz sırasındadır. Bu mənada, həm yerli, həm də beynəlxalq mədəni və elmi qurumlarla əməkdaşlıq bizim üçün önəmlidir. Qısa müddət ərzində nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığa nail olmuşuq. Biz beynəlxalq təşkilatlardan Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq edirik. Mənzil qərargahı Astanada yerləşən bu qurum 2012-ci ildə Bişkekdə təşkil edilən Sammitdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə dövlətlərinin təşəbbüsü ilə yaradılıb. Akademiya 2014-cü ildə beynəlxalq təşkilat statusu qazanıb. Bu akademiya ilə əməkdaşlıq çərçivəsində bir neçə layihələrə müvəffəq olmuşuq. Biz Beynəlxalq Türk Akademiyası ilə birgə “Muzey fondlarında saxlanan əşyaların qorunması qaydaları” haqqında metodiki vəsait hazırlamışıq. Bu vəsait bütün türkdilli dövlətlərdə istifadə olunacaq. Vəsait rus dilindədir. Birgə layihələrimizdən biri akademiya daxilində işçi qrupun yaradılmasıdır. Qrupa Azərbaycan rəhbərlik edir. İşçi qrupu türk xalqlarının vahid muzey ekspozisiyasının yaradılması istiqamətində işlər görür. Digər tərəfdaşlarımızdan biri Rusiyanın Lixaçov adına Mədəni və Təbii Sərvətlər üzrə Elmi Tədqiqat İnstitutudur. Bu qurum mədəniyyət sahəsində bir nömrəli elmi tədqiqat mərkəzi hesab olunur. Biz bu qurumla mədəniyyət nümunələrinin mənimsənilməsi ilə bağlı tərəflərin bir-birini məlumatlandırlması haqqında razılaşma əldə etmişik. Bundan başqa, Belarusun Mədəniyyət və İncəsənət Universiteti, Qazaxıstanın Dövlət Tarix İnstitutu və digər təşkilatlarla əməkdaşlıq edirik.
- Gələcək fəaliyyətinizdən danışardınız...
- Növbəti əsas perspektivli fəaliyyət planlarımızdan biri əməkdaşlarımızın sırasında kreativ peşə səriştəsinin genişləndirilməsidir. Bu gün kreativ potensial müraciət müasir dövrün tələbidir. Yaxın gələcəkdə mərkəz tərəfindən göstərilən mədəni xidmətlər daha da müasirləşdiriləcək. Bu yönündə addımlar atmağı qarşıya məqsəd qoymuşuq. Bizim gələn il üçün də yeni layihələrimiz var. Bu layihələrdən biri fiziki məhdudiyyəti olan vətəndaşlarımızla bağlıdır. İşlər davam edir. Artıq rəhbərliyin razılığını əldə etmişik. Biz bu insanlarda həyata inam, yaradıcı fəaliyyətlə məşğul olub qazanc əldə etmək üçün treninqlərə başlamaq fikrindəyik. Bu işlə məşğul olacaq treninq mərkəzlərinin yaradılması fikrindəyik. Sözügedən mərkəzlər regionlardakı mədəniyyət evləri və Heydər Əliyev mərkəzləri daxilində fəaliyyət göstərəcək.
- Maraqlı müsahibə üçün sağ olun.
Ceyhun Alışlı,
AZƏRTAC-ın müxbiri 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə