Bakı şəhərində beynəlxalq konfrans altı ölkənin alimlərini öz ətrafında topladı -
Bakı şəhərində beynəlxalq konfrans altı ölkənin alimlərini öz ətrafında topladı

Cari ilin 22 oktyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Gələcəyin konsepsiyalarında mədəniyyət amili” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfrans iştirakçılarını Millət vəkili Qənirə Paşayeva və Mərkəzin direktoru Asif Usubəliyev salamlayaraq qeyd etdilər ki, gələcəyin konsepsiyalarının formalaşdırılması və mədəniyyət amilinin qabardılması konfransda vəzifə olaraq qarşıya qoyulan əsas məqsədlərdən biridir.
Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, ADU-nun Bəynəlxalq əlaqələr üzrə prorektoru, fəlsəfə doktoru Jalə Qəribova, “Simurq” AMA-nın prezidenti, tarix elmləri doktoru, professor Fuad Məmmədov, AR MN-nin müşaviri, polkovnik Abdulla Qurbani və digər yerli alim və mütəxəssislər çıxış ediblər.
Eyni zamanda tədbirdə xarici alim və mütəxəssislər: Zaim Xanşalavi – Əlcəzair Milli Araşdırmalar Mərkəzinin elmi məsələlər üzrə direktor müavini, multikulturalizm üzrə beynəlxalq ekspert, Albena İlieva Nakova – Manolova - Bolqarıstan Elmlər Akademiyasının Bilik və Cəmiyyətin Araşdırılması İnstitutunun direktor müavini, Dmitro Buraqo – Ukraynanın M.Droqomarov adına MPU-nun dosenti, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, Tair Maxamatov – Fəlsəfə doktoru, Rusiya Federasiyanın hökuməti yanında Maliyyə Universitetinin professoru və Qazaxıstandan Anara Qabdullina, Qazaxıstan Respublikası Tarix İnstitutunun elmi katibi, tarix elmləri namizədi iştirak ediblər. Konfransda Qazaxıstan Dövlət Tarix İnstitutunun direktoru, professor Burkitbay Ayaqanın salamlama məktubu səsləndirilib.
Konfransda fərqli dillərdə çıxış edən alimlərin fərqli fikirlərindən ümumi bir nəticəyə gəlmək olar ki, mədəniyyət dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insanları bir araya gətirən qüvvədir. Hələ ilk dövlətlər yaranana qədər insanların həyatında ibtidai formada belə mədəniyyət mövcud idi. Məhz bu mövcudluq insanlarda şüuru formalaşdıran mühüm amil kimi əks olunur. Dünyanın hər bir ölkəsində milli-mənəvi dəyərlərin təbliği mühüm yer tutur. Dünya sivilizasiyasının inkişafına töhfə verən konsepsiya, paradiqma və digər fəaliyyətlərin proqramının hazırlanması qarşıya məqsəd qoyulmuşdur.
Dünyanın bir çox aparıcı elm, təhsil və mədəniyyət müəssisələrinə dəvət olunan alim, tarixçi, həmçinin mədəniyyət xadimləri tərəfindən gələcək konsepsiyalar üçün aparılan müzakirələr mühüm əhəmiyyət kəsb edir. Davamlı olaraq inkişafın təmin olunması məqsədilə bir çox konsepsiyalar hazırlanır və layihələr həyata keçirilir.
Bundan əlavə, tədbirdə "Kapelhaus" Azərbaycan-Alman Mədəniyyət Mərkəzi, Bakı Amerika Mərkəzi, Misir, Rus və Fransa Mədəniyyət Mərkəzləri ölkələrinin mədəniyyət güşələrini yaradıb onların zəngin milli-mədəni irsinin nümunələrini nümayiş etdiriblər. Konfransda Bakı şəhər musiqi məktəbi şagirdlərinin trio və sekstet ansambllarının ifaları səsləndi.
23 oktyabr tarixində isə konfrans iştirakçıları və qonaqlar tərəfindən Şamaxı şəhərində yerləşən Şaxəndan türbəsinə ziyarət, habelə Şamaxı rayon “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri və xarici qonaqların iştirakı ilə elmi seminarın keçirilməsini gözlənilir.
 
 
 
 


 
 
 
 
 
 
 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə