Mədəniyyət: yeni perspektivlər -
Mədəniyyət: yeni perspektivlər

Mədəniyyəti ictimai fəaliyyətin qeyri-təşəbbüskar və passiv sahəsi kimi təsəvvür edənlər olduqca yanılırlar. Bəli, əlbəttə ki, mühafizəkarlıq incəsənətə xas olan bir xüsusiyyətdir, lakin mədəniyyətdə qeyri-təşəbbüskarlıq və passivlik bu sahənin sosial-siyasi aktuallığının itməsinə səbəb ola bilər. Nəticədə isə mədəniyyət yalnız səhnədə, ancaq tamaşa zamanı yaşayacaq. Vəziyyətin bu cür inkişaf ssenarisi nəinki sahəyə, hətta bütövlüklə cəmiyyətə xələl gətirə bilər. Çünki bu ssenari millətin humanitar deqradasiyasına doğru aparan yoldur.
Sevindirici haldır ki, biz bu şəkildə davam edən inkişaf ssenarisindən uzağıq. Azərbaycanda mədəniyyət yalnız ənənələrin dəstəklənməsi vasitəsi deyil, cəmiyyətin və dövlətin humanitar inkişafının olduqca təsirli alətidir. Əlbəttə, sahənin inkişafı ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın birbaşa diqqəti sayəsində mümkün olmuşdur. Məhz bu diqqət bizim bir çox qonşularımızın paxıllığının səbəbinə çevrilmişdir. Sirr deyil ki, bəzi ölkələrdə mədəniyyət dövlət siyasətinin kənarlarına sürüklənmişdir. Ölkəmizdə isə mədəniyyət prezidentin dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir. Mədəniyyət diplomatiyası isə artıq Azərbaycanın xarici siyasətinin vizit kartıdır. Hətta şübhə etmirəm ki, biz gələcəkdə də bu sahə üzrə ölkəmizin bir çox beynəlxalq uğurlarına şahidlik edəcəyik.
Siyasət ilə mədəniyyət demaqogiya üçün ən populyar və asan görünən mövzulardandır. "Görünən asanlıq" aldadıcı hisslər yaradır və sanki, hamının bu istiqamətlər üzrə peşəkar ola biləcəyi kimi yalnış təsəvvürlər formalaşdırır. Mədəniyyət və siyasət sahələrində bu və ya digər konkret hadisələr haqqında edilən çoxsaylı və fərqli rəylərin mövcudluğu qismən bununla izah olunur. Əfsuslar olsun ki, bu rəylər nəinki peşəkarlıq və adekvatlıqdan uzaqdır, hətta həqiqətin belə təhrif olunduğu rəylərdir.
Mədəniyyət sahəsi üzrə atılan istənilən addım və həyata keçirilən layihə gələcəyə xidmət edir və ölkəmizin beynəlxalq statusunun möhkəmlənməsini təşviq etmək üçün nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, KİV nümayəndələri ilə birgə iş mədəniyyətin mühüm və perspektivli istiqamətlərindən biri olmalıdır. Çünki mədəniyyət siyasətinin uğuru əsasən jurnalistlərimizin peşəkar və obyektiv rəylərindən asılıdır. Jurnalistlərin rəylərində baş verə biləcək təhriflər ölkədə həyata keçirilən mədəniyyət siyasətinin əsas vurğularının yalnış mənimsənilməsinə səbəb olacaq. Üzr istəyirəm, amma biz yalnış müəyyənləşdirilən vurğulara görə bir neçə dəfə bu və ya digər mədəni-siyasi hadisələrin qeyri-adekvat qəbul olunmasının şahidi olmuşuq.
Mədəniyyət, ölkəmizdə həyata keçirdiyi vəzifələr hesabına fasiləsiz informasiya axınında da özünə layiq yer tutmalıdır. Əks təqdirdə mədəniyyət üçün ölkənin sadəcə rəsmi rəmzlərindən biri olmaq statusundan qaçmaq çətin olacaq. Bəzən belə təsəvvür yaranır ki, sanki bizim televiziya efiri keyfiyyəti heç də yaxşı olmayan böyük bir klipdir. Bəli, telekanallar qazanc əldə etməli, "ulduzlar" öz reklamı ilə məşğul olmalıdır, lakin senzuranın olmaması və fərdi mənfəət axtarışı kütləvi şəkildə yayılan zövqsüzlüyə bəraət qazandıra bilməz. Axı tamaşaçıların önəmli bir hissəsini gənclər təşkil edir. Onların isə estetik zövqü və mədəni üstünlükləri hələ formalaşmamışdır. Zaman keçdikcə "televiziya qəhrəmanları" gənclərimiz üçün sosial təqlid nümunəsinə çevrilir. Bütün bunların nə ilə nəticələnəcəyini isə insan düşünmək belə istəmir.
Mədəniyyəti anlamaq özünü dərk etmək kimi mürəkkəb prosesdir. Bu heç də asan məsələ deyil. Üstəlik özünü dərk etmək bacarığı dahilik ilə sərhədlənir. Mədəniyyəti tədqiq etməyə illər həsr edə bilərsiz, lakin bununla yanaşı öz qonşunuzun mədəniyyəti və mədəni dəyərləri haqqında təsəvvürünüz belə olmaya bilər. Bu arada qeyd edək ki, elmi ədəbiyyatda mədəniyyət anlayışının minlərlə tərif və mənaları mövcuddur.
Demək olar ki, hər bir insan mədəniyyət haqqında şəxsi təsəvvürlərə malikdir. Mövcud olan bir sıra problemlərin izahı mədəniyyətin müxtəlifliyində və çoxşaxəliliyində gizlənir. Mədəniyyətin nisbiliyini və subyektivliyini pis və ya yaxşı anlayışları ilə qiymətləndirmək olmaz. Bəzi insanlar üçün ideal və mədəniyyətin etalonu hesab olunanlar digərləri üçün cəhalət nümunəsi kimi qəbul edilə bilər. Bu isə mədəniyyətin sosial paradoksudur.
Azərbaycanın siyasi həqiqətlər prizmasından mədəniyyətin qaçınılmaz perspektivi və tükənməz siyasi əhəmiyyətinə işarə edən bir sıra arqumentləri qısaca tezis şəklində qeyd etmək istərdim: mədəniyyət - xalqın birliyini təmin edən milli ideologiyanın təməlidir; mədəniyyətin deqradasiyası qaçınılmaz şəkildə milli ideologiyanın parçalanmasına gətirib çıxaracaqdır; mədəniyyət həm də vətənpərvərlik mənbəyidir; mədəniyyət ölkənin beynəlxalq imicinin formalaşmasında əsas vasitədir; mədəniyyət xalqın yaddaşı, fərdiliyin və orijinallığın qorunmasında əvəzolunmaz amildir; mədəniyyət nəsillərin davamlılığını təmin edir; mədəniyyət şüurlu modernləşmənin əsas mexanizmlərindən biri və beynəlxalq inteqrasiyanın təsirli kanalıdır; mədəniyyət ölkə vətəndaşlarının effektiv özünü təşkilinin ideoloji əsası kimi də çıxış edə bilər və s. Razılaşın ki, sadalananlar mürəkkəb və həyat qədər əhəmiyyətli məsələlərdir.
Asif Usubəliyev,
Siyasi elmlər üzrə fəlsəfə doktoru 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə